latest topics

IMAM CӘFӘR SADIQ ӘLEYHISSALAMIN TƏVƏLLÜDÜ

Imam Sadiq əleyhissalamın mübarək vücudunun qızıl günəş 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində parladı. O həzrətin anasının adı Ümmi Fərhə idi. Atası imam Məhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O həzrətin anası Әli əleyhissalamın əshabından olan Məhəmməd ibni Әbu Bəkrin nəvəsi idi. Həzrət Әli (ə) onun haqqında daim belə buyurardı: «Məhəmməd mənim mənəvi nəvəmdir». Məhəmməd ibni Әbu Bəkrin anası isə təqvalı və həmişə həzrət Fatiməyə xidmət etməkdən iftixar hissi duyan Әsma binti Üməys idi.
Imam Sadiq əleyhissalam öz anası haqqında belə buyurmuşdur: «Anam təqvalı, imanlı və xeyirxah qadınlardan idi.»
Imam Sadiq əleyhissalam babası imam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi.
Imam Hüseyn əleyhissalamın şəhadətindən sonra Әməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu ki, bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdır. Bu iki qüdrət mərkəzi hakimiyyət uğrunda mübarizəyə qalxdığından şiə düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda Imam Sadiq əleyhissalam öz elmi hərəkatı ilə islam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu.
IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI
Məlum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları öz rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin.
Imam Sadiq əleyhissalam da başqa imamlar kimi, bütün həyatı boyu həqiqi islamı təlim edirdi. O həzrətin özü də islam əxlaqının parlaq nümunəsi idi. Insanlar arasında hər cəhətdən, istər fikri, istər əxlaqi, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin həzrət Peyğəmbərin ailəsi, eləcə də o həzrətin canişinlərinin hamısı eyni istiqamətdə, eyni nöqteyi-nəzər və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdilər. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur.
Imam Sadiq əleyhissalamın əxlaqi üstünlük və dəyərlərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onan dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı.

NӘ ÜÇÜN ŞIӘLIK CӘFӘRI MӘZHӘBI ADLANIR?

Şiə məzhəbinin imam Cəfər Sadiq (ə)-ın elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə Cəfəri məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki həzrət Peyğəmbərin (s) əsil islamının missiyasını imam Hüseynin qanında, bəyanını isə imam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri islamı, Әli əleyhisslamın yolunda cihad etdiyi, Həsən (ə)-ın sülh etdiyi, Hüseyn (ə) şəhid olduğu, Səccad (ə)-ın əsir düşdüyü islamdır. Әgər islam, hökumdarlarının qəsb olunmuş taxtda oturduqları, Zəhranı qəzəbləndirən və Әlini zalıma beyət etməyə məcbur edən islam olsaydı, heç vaxt belə bir islama boyun əyməzdik. Çünki bilici, mömin və Peyğəmbərin xanədanına etiqad bəsləyən alimlərin məntiqinə görə, Peyğəmbərin ailəsinin kənarda qaldığı islam hökmdarlarını müaviyələr, yezidlər və mütəfəkkirlərin icad etdiyi islamdır. Әləvi şiəliyin tarixi sübuta yetirmişdir ki, hər kəs Әli (ə) xanədanını çıxmaqla islamı qəbul etsə, bu yolda nə qədər çalışsa belə heç bir yerə çatmayacaq və axırda da müstəmləkəçilərin əlaltısına çevriləcəkdir.

IMAM CӘFӘR SADIQ ӘLEYHISSALAMDAN QISA KӘLAMLAR

1. Qardaşının istəyini yerinə yetirmək üçün çalışan hər müsəlman Allah yolunda cihad edənlər kimidir.
2. Namazlarına diqqət etməyən kimsə qiyamət günündə şəfaətimizə nail olmayacaqdır.
3. Dünyanı sevmək və ona bağlılığın nəticəsi narahatlıq və kədərdir. Dünyada təqvalı və pak olmağın nəticəsi isə ruh və bədənin rahatlığıdır.
4. Güclülərin gücsüzlərdən intiqam alması nə qədər də pisdir.
5. Uşaqlarınızın sizin yaxşılıq etməsi üçün siz də atanıza yaxşılıq edin.
6. Allahdan istəyin ki, ruziniz xalqın əlində olmasın.
7. Xalqın arasında özündən daha alim bir nəfərin olmasına baxmayaraq xalqı özünə tərəf çağıran kimsə ağzındır.
8. Doğru olmayan zarafatlardan çəkinin. Çünki düşmənçiliyə və bir-birinzə kin bəsləməyə səbəb olar.
9. Münafiqin nişanələri üç şeydir: 1. Danışanda yalan deyər; 2. Verdiyi vədə vəfa etməz; 3. Әmanətdə xəyanət edər.
10. Başqalarına paxıllıq etməyin, çünki sizi Allahdan uzaqlaşdırar.
 

ISLAM UNIVERISITETININ QURULMASI

Imam Sadiq əleyhissalam müxtəlif fənlərdə tələbə tərbiyə etmək üçün Mədinədə islami bir univerisitet qurmaq qərarına gəldi. O həzrətin elm çeşməsi o qədər qaynar idi ki, hətta dünyanın dörd tərəfindən belə alimləri Mədinəyə sarı çəkirdi. Elm öyrənmək istəyən yüzlərlə cavan dünyanın hər yerindən Mədinəyə axışırdılar ki, imamın dərslərində iştirak etsinlər.
Imam (ə) müxtəlif elmi sahələrdə görkəmli alimlər yetişdirmişdir ki, onlardan bəzilərinin adlarını sizlərə təqdim edirik:
1. Fiqh fənnində Zürarə və Məhəmməd ibni Müslim.
2. Әqaid və kəlam elmində Hişam və Möminüt-taq.
3. Irfan və islam maarifi fənni üzrə Müfəzzəl və Səfvan.
4. Riyaziyyat və təcrübə elmləri üzrə Cabir ibni Həyyan.
Bunlarla birlikdə bir çox başqa alimlər də imamın tələbəsi olub hərəsi ayrı-ayrı islami elm və fənnin təmələni qoymuşdular. Onların kitabları uzun illər avropada qərb dillərinə tərcümə olunaraq tədris olunmuşdur. Məlum olduğu kimi, Әli əleyhisslamın zamanında islam elmlərini yaymaq üçün belə bir münasib şərait yox idi. Çünki düşmən o həzrəti vətəndaş müharibəsi ilə məşğul edirdi ki, beləliklə də islami elmlərin yayılmasının qarşısı alınırdı. Bu vəziyyət imam Səccad əleyhissalamın zamanına qədər davam etmişdir. Imam Baqir əleyhissalamın zamanından isə islam elmləri mədrəsələri təşkil olundu və imam Sadiq əleyhisslam zamanında öz yüksək mərhələ və zirvəsinə yetişdi. Imam Sadiq əleyhissalamın univerisitetində dörd min tələbə müxtəlif elmi sahələrdə yetişdirildi. Onlar da dünyanın dörd tərəfinə gedib xalqa təlim-tərbiyə verməklə məşğul olurdular.

İSLAM PEYĞӘMBӘRININ TƏVƏLLÜDÜ VƏ ŞӘXSIYYӘTI

Adı: Məhəmməd.
Ləqəbi: Әmin.
Künyəsi: Әbül-qasim.
Atasının adı: Abdullah.
Anasının adı: Aminə.
Doğulduğu yer: Məkkə.
Doğulduğu tarix: Fil hadisəsindən iki ay sonra.
Vəfat tarixi: Hicrətin on birinci ili.
Vəfat yeri: Mədinə.
Məzarı: Mədinə.
Abdullah Әbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qız ilə evlənmiş və bu mübarək izdivacın nəticəsində isə Fil hadisəsindən iki ay sonra dünyaya gəlmiş Məhəmməd adlı nurlu bir oğlan uşağı olmuşdu. Atası hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Әbdülmüttəlib öz öhdəsinə almışdı. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində qarşılaşdığı çətinliklərə qələbə çalmağa müvəffəq olub, çox qısa bir müddət ərzində də camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrilmişdi. Belə ki, bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətlərini də onun yanında əmanət qoyurdular. Necə ki, sonralar o həzrətə bu üstün əxlaqi səviyyəsinə görə Qüreyşin əmini (yəni Qüreyşin ən etibarlı şəxsi) ləqəbini vermişdilər.
O həzrət sağlam və sarsılmaz bir imanla məzlum və müstəzəflərin tərəfini saxlayaraq, onları qoruyur, onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və problemlərinin çıxış yolunu axtarıb tapırdı. Cavanlardan bir qrup «Hilfül-füzul» müqaviləsinə qol çəkdikləri vaxt həzrət Peyğəmbər (s) onları müdafiə etmişdi. Çünki cavanların məqsədi məzlumları qorumaq və zalımlarla mübarizə aparmaq idi. Daha sonra həzrət Məhəmməd (s) əmisi Әbu Talibin istəyilə Xədicənin karvanına qoşulmuşdu. Düzlüyü və etibarı olduğuna görə karvanın başçısı seçilən Məhəmmədə onun cəmiyyətdəki üstün şəxsiyyətinə heyran qalan Xədicə evlənmək təklifini irəli sürmüşdü.
Həzrət Peyğəmbər (s) bu izdivacı münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul edir ki, bu mübarək izdivacın meyvəsi bütün məsumların və islam ümməti rəhbərlərinin anası sayılan həzrət Fatimədir (s.ə.).
PEYĞӘMBӘRLIK VӘZIFӘSININ VERILMӘSI
O, artıq qırx yaşında idi. Bir gün Həra mağarasında Allaha ibadət və dua ilə məşğul ikən Cəbrailin gətirdiyi vəhy vasitəsi ilə Allah-taala tərəfindən peyğəmbərlik vəzifəsinə təyin olundu. Bu hadisədən həyacanlanmış həzrət Peyğəmbər (s) bir müddət istirahət etmək məqsədi ilə Kəbəyə getmiş, lakin vəhy mələyi təzədən ona nazil olaraq təbliğə başlamasını əmr etmişdi.
Ilk əvvəl həzrət Peyğəmbərin (s) dəvəti məxfi idi. Ona inanan adamlar da bu işə tam gizli bir şəkildə əməl edirdilər.
Ona ilk iman gətirənlər həyat yoldaşı Xədicə və Әli (ə) olmuşdu. Aradan üç il ötdükdən sonra Məkkə və Məkkə ətrafı məntəqələrdə təbliğat üçün münasib bir şərait yaranmışdı. Peyğəmbərə (s) insanları bir olan Allaha dəvət etmək və bütlərə qarşı mübarizə aparmaq vəzifəsi tapşırılmışdı. Bu iş olduqca təhlükəli idi. Çünki qəbilə başçılarının hakimiyyəti çox güclü idi. Onlar hakimiyyəti əldən vermək istəmirdilər. Illər boyu sitayiş etdikləri bütləri sındırmaq onlara çox ağır gəlirdi. Amma böyük bir hədəf olan tək Allaha inanmaq, tövhid ideyasının yayılması üçün çətinliklərə, ağır şəraitə sinə gərməkdən başqa bir çarə yox idi.
Açıq və ümumi təbliğatdan sonra, hakimiyyətdə olanlar Onunla müxalifət edib aşkar bir şəkildə öz düşmənçiliklərini peyğəmbərə bildirmişlər.
Bütpərəst quldurlar tövhid hərəkatının qabaqcılı sayılan həzrət Məhəmmədin (s) təbliğinin qarşısını almaq üçün əllərində mövcud olan bütün imkanlardan istifadə edirdilər. Әvvəlcə rüşvətlə o həzrəti tutduğu yoldan döndərmək istəsələr də bu işləri heç bir nəticə vermədi. Ondan sonra belə qərara gəldilər ki, o həzrəti müxtəlif təhdid və təzyiqlərə məruz qoysunlar. Müsəlman olanlara lağ edib döyür, işkəncə verir, malların müsadirə edirdilər. Amma bu təşəbbüslər nəinki tövhid hərəkatına mane ola bilmədi, əksinə bu hərəkatı daha da gücləndirdi.
Müşriklər, Peyğəmbərimiz və dostları Məkkədən çıxana qədər öz çirkin əməllərindən əl çəkmədilər. Ilk müsəlmanlar düşmən şərrindən qorunmaq üçün üç il Şəbi Әbu Talib adlı aclıq və susuzluqla mühasirə olunmuş bir yerdə qalmağa məcbur oldular. Ancaq müşriklər bunu da onlara çox görüb həmin məhəlləyə nəzarəti gücləndirdilər. Belə ki, heç kim cürət edib onlara yemək və su apara bilmirdi. Təkcə canlarından keçmiş bir qrup gecənin qaranlığından istifadə edərək onların bu ehtiyaclarını təmin etməyə cəhd edirdilər.
Bu sıxışdırmaların və mühasirənin heç bir nəticə vermədiyini görən müşriklər, müsəlmanların bu inamlı müqavimətləri qarşısında yeganə çıxış yolunu onları öldürməkdə görürdülər. Intiqamdan da qorxduqları üçün onlar belə qərara gəlmişdilər ki, bütün qəbilələri öz tərəflərinə çəkərək birlikdə Peyğəmbərin evinə həmlə edib o həzrəti qılıncdan keçirsinlər.
Ayətullah Kərimi Cəhrominin Peyğəmbərin həyatına xülasə bir baxış kitabından götürülmüşdür.

İslam Peyğəmbəri (s) - ın duaları

Giriftarçılıq və qəm vaxtında İslam Peyğəmbərinin duası
Həzrəti Əli (ə)- dan rəvayət olub ki, Peyğəmbər (s)- ə qəm və qüssə gələndə bu duanı oxuyurdu:
يا حَيُّ يا قَيُّومُ يا حَيَّاً لا يَمُوتَ، يا حَيُّ لا اِلهَ الا اَنْتَ کاشِفُ الْهَمِّ مُجيبُ دَعُوَةِ المُضْطَرّينَ اَسْألُکَ فَاِنَّ لَکَ الحَمْدُ لا اِلهَ اِلا اَنْتَ المَنّانُ بَديعُ السَّماواتُ وَ الاَرْضِ ذُوالجَلالِ وَ الْاِکْرامِ رَحْمنَ الدُّنيا وَ الآخِرَةِ وَ رَحيمَهما رَبِّ ارْحَمني رَحْمَةً تُغْنيني بِها عَنْ رَحْمَةِ مَنْ سِواکَ يا اَرْحَمَ الرّاحِمينَ

IMAM HƏSƏN ƏSGƏRİRİ (Ə) IN ŞӘHADӘTI

Imam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əskərlərinin bazasında nəzarət altında saxlanıldı. Buna görə də Әskəri ləqəbi ilə məşhur idi.
Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mö᾽təmidin əmri ilə həbs olundu. Imamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin mə᾽murları hər gün imamın vəziyyəti barədə xəlifəyə mə᾽lumat verirdilər. Nəhayət o həzrət (ə) 260-cı hicri ilinin Rəbül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasınan yanında dəfn olundu.
Həzrətin şəhadətindən sonra azğın bir kişi olan və xəlifənin adamlarından sayılan qardaşı Cə᾽fər Kəzzab meyidə namaz qılmaq istəyirdi. Lakin balaca uşaq olan imamın oğlu irəli gəlib əmisini dala itələdi və özü onun yerində dayanıb atasının meyidinə namaz qıldı. Imam Həsən Әskəri əleyhissalamın oğlu olan on ikinci imamın qısa qeyblik dövrü elə bu vaxtdan başlandı və yalnız xüsusi şiələri onun hüzuruna gəlmək şərəfinə nail ola bilirdilər. Lakin Abbasi xəlifələrinin o həzrətin gizləndiyi yeri tapmaq üçün cəhd etdiklərindən sonra onun uzun qeybət dövrü başlandı və o həzrətin inqilab edəcəyi günə kimi gizli qalacaqdır.

IMAM RIZANIN ŞӘHID OLMASI

Şəhid olduğu gecə imam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: «Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır».
Hərsəmə belə deyir: Gecə yarısı imam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: «Mə᾽mun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Mə᾽mun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Mə᾽muna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar». Nəhayət Mə᾽mun o həzrəti Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərləndi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: «Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də babam Hüseyn kimi torpaq üstündə can vermək istəyirəm.»

Sual